Cabir
Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində
anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər
Sabir adına pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur.
Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini
davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna
göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci
ildə «Bakı» axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi
əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə «Azərbaycan»
ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə «Ədəbiyyat və
incəsənət» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin
katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının
parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli
irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri
ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən
şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə
oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan
lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi,
mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən
yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası
öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun
sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən
həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir
Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına
mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin
xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq
ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun
lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha
həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının
dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri
sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli
nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir
Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün
mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə
fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü
hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş
etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir.
O, «Əməkdar incəsənət xadimi», «Xalq
şairi» fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq
görülmüşdür. Cabir Növruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin
deputatı səçilmişdir.
Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi,
Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın
12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Görkəmli şair, həqiqi vətəndaş və səmimi
insan Cabir Novruzun əziz xatirəsi xalqımızın qəlbində həmişə
yaşayacaqdır.
|